Valideynlər ən riskli və ən mülayim investorlardı

Valideynlər ən riskli və ən mülayim investorlardı

Valideynlər dünyanın

ən riskli və ən mülayim

investorlarıdır.

Yuxusuz gecələrdən tutmuş, ad günlərində bağışlanılan bahalı avtomobillər, mənzillər və ya təhsil üçün yatırımlar valideynləri əsl investorlara çevirir. Bir valideynin öz övladını böyüdüb bir şəxsiyyət kimi formalaşmasında  sərf etdiyi əmək və maliyyə vəsaitləri hansı şəkildə geriyə qayıdır? Hansı müddətdən sonra valideyn yatırdığı “investisiyanı” geriyə götürmüş olur və bundan sonra yalnız mənfəətlə həyat sürür? Hər hansı bir layihəyə maliyyə yatırmış gələcəkdə biznesin inkişaf etməməsi səbəbindən onun icrası ilə məşqul olan adamı tənbeh etməyə hazırdı. Çünki investor dediyimiz şəxslər maliyyə yatırımına biznes nöqteyi nəzərdən baxırlar. Və yatırılmış pul vəsaitdən çox mənfəət əldə etmədiyi təqdirdə bunu özünə çox pis bir hal kimi qəbul etdirir. Lakin valideynlər biznes investorlarından fərqli olaraq çox səbrli olurlar və heç bir halda yatırımlarının uğursuz olması barədə övladlarına demirlər.

Hesab etsək ki, artıq 18 yaşına çatmış insanlar uşaqlığın son gecəsini yaşayaraq yeni məsuliyyətli həyata qədəm qoyurlar. Lakin çox zaman insanlar yaşlaşmağına baxmayaraq tam sərbəstliyi əldə edə bilmirlər və bəzi hallarda valideynlərinin himayəsi altında qalırlar. Buna əsas səbəb kimi insanların müstəqil həyata qədəm qoyduqları bir vaxtda özlərini sərbəst təmin edə bilməməsi və psixoloji cəhətdən buna hazır olmamasını göstərmək olar. Bəzi hallarda isə ailə qurmuş adamlar yenə də hər iki tərəfin valideynlərinin dəstəyinə ehtiyac duyur. Və bu halda da valideynlər öz “saqallı uşaqlarına” investisiya yatırmaqda davam edirlər. “Ziyanın yarısından qayıtmaq da xeyirdir” atalar sözü valideynlər üçün qəbul edilməzdir. Axı hansı valideyn övladlarından bütün ümidlərini puça çıxarması halında belə üz çevirir. Əksinə onlar son nəfəslərinə kimi övladlarına müxtəlif yatırımlar edirlər.

Bu məsələyə bir qədər də iqtisadi prizmadan yanaşsaq insan anadan olandan onun müəyyən yaş həddinə qədər böyüyüb inkişaf etməsi üçün  ehtiyac və tələbatlarını ödəmək baxımından: qida, geyim, əyləncə, təhsil kimi xərcləri nəzərdən keçirək.

Nəzərə alsaq ki, müasir dövrdə müxtəlif səbəblərdən anadan olmuş uşaqlara təbii qida vermək mümkün olmadığı üçün müxtəlif şirkətlərin istehsal etdiyi uşaq qidalarından istifadə edilir. Statistik ortalamaya əsasən orta hesabla 12 manatlıq bir qida uşağın 2 yaşına qədər istifadə edilsə və ortalama hər ay üçün 6 qutu uşaq qidası istehlak edilir ( qismən ana südü olmaq şərti ilə). Uşağın peyvəndlərini və dərmanlarını eyni zamanda hər ay həkim müayinəsinə aparılması nəzərə alınsa orta hesabla 2 yaşına kimi bu xərclər 2000 manat təşkil edər. Bundan başqa uşaq bezi, geyim və müxtəlif birdəfəlik istifadə məhsulları 3000 manat təşkil edər. Onun əyləncə və oyuncaq xərclərini 2000 manat qəbul qəbul edək. Uşaq iki yaşına çatdıqdan sonra tədricən böyüklərin qidalarına öyrəşməklə 2-6 yaş aralığında 4 illik xərcləri nəzərdən keçirək. Həkim nəzarəti müxtəlif vitamin və dərman vasitələri nəzərə alınmaqla 3000 manat qəbul etsək, burada bez xərcləri 1400 manat, qida xərcləri 6000 manat, geyim və digər vasitələr 6000 manat bundan başqa 48 ay ərzində əyləncə və oyuncaq xərcləri 5000 manat bundan başqa uşaq 3 yaşında olduqdan sonra bağça xərcləri (əgər evdə onunla məşqul olan ya an ya da nənə varsa onların təmənnasız qulluğu alternativ qazanc mənbəyi kimi qəbul edilməlidir çünki, bu vaxt ərzində qulluq edən ana hər hansı işdə çalışıb evə gəlir gətirə bilərdi) orta hesabla ən aşağı qiymətli bağça ay ərzində 250 manat qəbul edilsə. 3-6  üç illik bir dövrdə 36 ay üçün 9000 manat (bu məbləği valideyn nəzarəti olduğu halda alternativ gəlir kimi itirilmiş hesab edilir) təşkil edər.

Bəli, artıq uşaq böyüyüb və nisbətən sərbəst yuxuya getməyə və yanınızda bazarlıq zamanı ən azında əliniz dolu olanda avtomobilinizin qapılarını pult ilə kilidləyə bilir. 6-17 yaş aralığında övladınız orta məktəbdə təhsil almağa gedir. 11 illik bir dövrdə xərcləri nəzərdən keçirək. Qida xərcləri (Azərbaycan Respublikasının 2009-cu il üçün yaşayış minimumu əsasında ərzaq məhsullarının tərkibi və  norması) bir il üçün 1400 manat təşkil edir. 11 il üçün bu göstərici 15400 manat olar. Övladınızın təhsil üçün lazım olan məktəb ləvazimatları (11 il üçün) 13000 manat, geyim xərcləri 10000 manat, digər xərclər 5000 manat (əyləncə, müayinə, cib xərclik və s.). Ən minimal halda 5 fənn üzrə müəllim yanına 12 ay gedən şagird üçün 6000 manat ödəniş olmalıdır. 17 yaş və bundan sonra övladınız müstəqil həyata qədəm qoyur. Sizinlə bazara gedir, ev işlərinə müəyyən qədər kömək edir (əgər bəxtiniz gətiribsə). Yenə də valideyn öz layihəsinə investisiya qoymaqda davam edir. 17-22 yaş aralığında ali məktəbdə təhsil alan uşaqlar çox nadir hallarda işləyirlər. Hesab edirik ki, övladınız pulsuz əsaslar ilə təhsil alır. 5 il müddətinə qida xərcləri 8000 manat, geyim xərcləri 6000 manat, digər xərclər 10000 manat qəbul edək.

Valideynin sərf etdiyi vaxt və əmək (məsələn yuxusuz gecələr) iqtisadi cəhətdən dəyər ifadəsində qəbul oluna bilmədiyinə görə bu sərfiyyatı xəyali olaraq X qəbul edirəm və onu bir səhm kimi qəbul edirəm. Övladınızın vicdan və məsuliyyətindən asılı olaraq bu səhmlərin qiyməti ya artır ya da azalır. Yuxarıda verilmiş məbləğləri cəmləsək 0-22 yaş dövründə minimal olaraq 110800 manat əldə etmiş olarıq. Bu göstəricini 22 illik bir müddətdə (inflyasiya, mikro və makro göstəricilərin təsirini nəzərə almaqla) korreksiya etsək 210000 manatlıq məbləğ alarıq.

22 il ərzində 210000 manatlıq pul vəsaiti və X səhmləri ilə yatırım edən valideynin riski övladın sərbəst şəkildə fəaliyyətə başladıqdan sonra xərclərin və X səhmlərini hansı müddətə bağlaması ilə əlaqədardır. Məsələ ondadır ki, müasir dövrdə valideynlərin riski artmaqdadır. Çox zaman evlilik həyatında sonra da valideyn himayəsində olan övladlar yenə də investisiya tələb edirlər. Və valideyn düşünmədən belə maliyyə və əmək yatırımlarını edir.

Valideyn daşıdığı riskdən tam sığortalana bilməsə də, bu riski aşağı sala bilər. Bunun üçün uşaqlara lap kiçik yaşlarından pul davranışlarını, gəlir və xərclər, biznes, özünə inam və liderlik kimi dərslər verilməlidir. Təəssüf ki, bu barədə bizlərə heç bir təhsil müəssisəsində məlumat verilmir. Məşhur biznes adamları və yazarlar Breyn Treysi, Robert Kiosaki bu barədə yüzlərlə kitablar yazmış və maliyyə biliklərinin uşaq yaşlarından mənimsənilməsinin əhəmiyyətini vurğulamışlar. Övladlarımız nə qədər bilikli və bacarıqlı olsalar belə, onlar özlərini baha satmağı bacarmaları üçün xüsusi biliklər və təlimlər almalıdırlar. Bu təlimlər bacarıqları pula çevirmək və özünü düzgün təqdim etmək, özünü baha satmaq anlayışları ilə bağlıdır.

 

Biznes təlimçi

İqtisadçı-marketoloq

Ruslan İsrafilov                 

 

  

Şərh