Koroğlu aşığının nəvəsi aşıq paşayla üz-üzə savalan talibli

Koroğlu aşığının nəvəsi aşıq paşayla üz-üzə savalan talibli

Koroğlu aşığının nəvəsi Aşıq Paşayla üz-üzə

  Savalan TALIBLI
Azərbaycan radiosunun əməkdaşı


  Aşıq yaradıcılığına yaxından bələd olanlar, aşıqsevərlər, saz-söz vurğunları indi gözdən iraq qalsa da, vaxtilə səsi yanar çırağı söndürən Qaraçıoğlu Aşıq Paşa Mehdiyevi yaxşı xatırlayırlar. Bu da həmin Qaraçıoğlu Aşıq Paşa Mehdiyevdir ki, onun babası Qaraçıoğlu İbrahim Azərbaycan aşıq sənəti tarixinə Koroğlu aşığı kimi düşüb.
  Qaraçıoğlu Aşıq Paşanın özün dediyinə görə, "Qaraçı" havasını da nəsillikcə aşıqlıq sənətinin daşıyıcıları olan Qaraçıoğlu İbrahim yaradıb. "Qaraçı" saz havasının yaradıcısı Qaraca adlı aşığın da olduğunu deyənlər var. Bu yazının qəhrəmanı da məhz bu nəslin davamçısı Qaraçıoğlu Aşıq Pasa Mehdiyevdi

  Bir neçə gün bundan öncə hörmətli yazıçımız, həmkarım "İdeal demokratiya" qəzetinin baş redaktoru Məhərrəm Zamanla Şeyx Nizaminin yurdu, qədim oğuz türk eli Gəncə şəhərinə getdik. Yolboyu qatarda düşünürdüm ki, Gəncədən sonra mütləq Goranboy rayonuna getsək, yaxşı olar. Elə istədiyim də alındı. Məhərrəm müəllim də, sağ olsun, sözümü yerə salmadı. Gəncədə xırda-para işlərimizi görüb üz tutduq dediyim ünvana, Goranboy rayonunun Dəliməmmədli kəndinə. Kəndə çatan kimi kənd camaatından Qaraçıoğlu Aşıq Paşanı xəbər aldım. Yarızarafatla Məhərrəm müəllim dedi: "Ay bala, indi çatdıq, bir az rahatlanaq, çörək yeyək, sonra da aşıqla görüşərik".
  Məndə təkid elədim,Məhərrəm müəllimə dedim ki, birdən gec olar, nə qədər vaxtımız var, tez görüşək. Axı mən bura, bu kəndə Qaraçıoğlu Aşıq Paşa deyib gəlmişəm.
Nə isə sizləri çox yormayıb, mətləbə keçim. İlk olaraq kənd camaatından aşıq haqqında soruşanda dedilər ki, Qaraçıoğlu Aşıq Paşa kişi kəndin ağsaqqalıdı, gözəl sənətkardı, dünyanı yorub-yortmuş bir ahıldı. Sənətkar haqqında kənd camaatından o qədər gözəl sözlər eşitdim ki, aşığı görməkdən ötrü daha da tələsdim.
  Kənd sakini, musiqiçi Əli dayı söylədi ki, bu kişiylə çox toylarda olmuşam, tam səmimi deyirəm ki, dəryadı: "Onun toylarda necə çalıb-oxuması indiyənə kimi də gözlərimin önündədir. İfa etdiyi havalarla, söylədiyi dastanlarla toyda toyu şənləndirmək hər sənətkara xas olmur. Paşa kişi toylarda, el şənliklərində çox mahir olub. Hələ elə vaxtlar olub ki, bilmədiyim xalq mahnılarını, aşıq havalarını Paşa kişidən öyrənmişəm. Musiqiçi olsam da, bu kişidən çox şey görüb götürmüşəm".Əli dayı sənətkarın xalqa məxsus olduğunu təsdiqlədi. Söylədi ki, sənətkarı el yaşadır, elə Paşa kişi də ilhamını burdan, bu kənddən alır. Baxmayaraq ki, ömrünün bu çağında ağsaqqal, müdrik yaşında qarşısına pis günlər çıxıb. Soruşdum ki, nədir? Nə olub? Cavab isə belə oldu ki, bu yaşda iki oğlunu, həyat yoldaşını itirən Paşa kişiyə bundan da ağır dərd nə olarmı?
Sözün düzü, kövrəldim. Hələ üzünü görmədiyim, qiyabi tanıdığım Aşıq Paşa Mehdiyevə mehri-məhəbbətim birə-beş artdı. Amma necə deyərlər, insanın bir gözü güləndə, bir gözü də ağlayır. Taleyin bu ağır sınağına dözmək də ən böyük mərdlikdi. Ölüm haqq işidi. Təki başı sağ olsun dedim, nəvə-nəticələrindən görsün. Əli dayı bizi aşığın evinə gətirdi. Evdən dedilər ki, kişi yoxdu, Gəncəyə gedib. Amma indilərdə qayıdar. Çox təəssüfləndim ki, aşıq evdə yoxdu. Bir az gözlədik. Birdən Əli dayı dedi: "Gəlir, odu ey uzaqdan gəlir".
Biz də ona tərəf getdik, hal-əhval tutduq. Əli dayı məni təqdim elədi ki, Bakıdan gəlib, səninlə görüşmək istəyir, жurnalistdi. Dedi: "Xoş gəlib, səfa gətirib. Amma müsahibə verməyəcəm. Ona görə ki, indiyənə kimi gələn-gedən çox olsa da, nə bir yazımı gördüm, nə də bir səsimi yazdıqları havamı eşitdim".
  Qayıdıb dedim ki, ay Paşa dayı, Azərbaycan Radiosunun "Xalq yaradıcılığı" redaksiyasının əməkdaşıyam, sizin kimi ustad sənətkarları da axtarıb-danışdırmaq şəxsən mənim də həmkarlarımın da borcudu.Səmimiyyətimə inanan ahıl aşıq bayaq qeyd etdiyim kimi oğullarını, həyat yoldaşını itirən, çoxdan üzü, könlü gülməyən, gözləri görməyən sənətkar uşaq kimi sevindi: "Sağ ol bala, o ki, zəhmət çəkib gəlmisən, gedək evə, nə sözün olsa, deyərəm".
Bir anlığa mənə elə gəldi ki, bu ahıl qoca, aşıq yurda-yurd yerinə çox arxa-dayaqdı. Yadıma bir şeirdən bu sətirlər düşdü. Şeir, bəlkə də belə adamlara həsr olunub. 

Ağız dinazından, söz dinazından
Sən özün hifz elə mərdləri, tanrım!
Bir yurd daşı üstə tənha, kimsəsiz,
Oturub ağlayan bir kor qocanın
Allah vergisidi dərdləri, Tanrım.
  (Tahir Talibli) 

  İlk sualım belə oldu. Xəbər aldım ay ustad, kimə qulluq eləmisiniz? Cavabı da verdiyim sualdan bir neçə dəqiqə fasilədən sonra aldım. Gözləri yaşardı. Yadına ustadı Aşıq Hüseyn Cavani saldı. Babası Aşıq İbrahimi xatırladı. Dedi ki, babam Qaraçıoğlu Aşıq İbrahim 103 yaşında idi. Bir gün dedim, ay baba, sazı mənə də öyrət, yaman həvəsim vardı: "Qaraçıoğlu Aşıq İbrahim dedi ki, mənim yaşım az deyil, qocalmışam, daha o, gücüm yoxdu. Get gör aşıq Hüseyn Cavan səni özünə şəyird götürərmi? Götürsə, ondan öyrən, zəmanənin Ələsgəridi. Babamın məsləhəti ilə Aşıq Hüseyn Cavanı tapdım. Aşıq Paşa dedi ki, o gündən düz 13 il Aşıq Hüseyn Cavana qulluq elədim. Çəkməsinə qədər təmizlədim. Əvəzində isə saz öyrəndim. Bu da ən böyük qazancımdı. Aşıq Hüseyn Cavan İrana gedənə qədər qulluq elədim. Məni toylara da aparırdı, sonra halallığın aldım. Sonra da toylara özüm tək də gedirdim". Aşıq çox mətləblərə toxundu. Söz dağa-arana çox qalxıb-endi. Deyəndə ki, bəlkə bir-iki hava da gülləndirəsən. Cavabında dedi: "Ay bala, 14 ildir əlimə saz almıram".
Səbəb əlbəttə, məlumduydu. Bəhmən Vətənoğlunun gözəl bir şeirini belə söylədi: 

Ay həzarat, elə kövrək olmuşam,
Səhər-səhər meh də dəyir xətrimə,
Bezikmişəm suların da səsindən,
Çəmənlikdə şeh də dəyir xətrimə.

Neçə dəfə alovlanıb sönmüşəm,
Ucalıqdan qocalığa yenmişəm,
Qəlbi nazik bir uşağa dönmüşəm,
Eh! də dəyir, bih - də dəyir xətrimə.

Bəhmənəm, olmuşam quruca bir səs
Həyatda heç nəyə qalmayıb həvəs.
Səbir gətirəndə, yanımda bir kəs,
Cüt də dəyir, tək də dəyir xətrimə.

  Allah rəhmət eləsin Bəhmən Vətənoğluna, - dedi. Bu şeiri nədənsə, heç yadımdan çıxmır...
Şeirdə özünü görən sənətkar yenə başladı kövrəlməyə. Amma "bir hava oxu" xahişimi də yerə salmadı. Pir olsun! Sözümdən xoşallandı da, sazı gətizdirdi, basdı sinəsinə. Ulu babamız Ələsgərin səsi bülənd olub sazın tellərindən göyə qalxdı.

Aşıq olub diyar-diyar gəzənin,
Əzəl gündən pür kamalı gərəkdi.
Oturub durmaqda ədəbin bilə,
Mərifət elmində dolu gərəkdi.

Xalqa həqiqətən mətləb qandıra,
Şeytanı öldürə, nəfsin yandıra,
El içində pak otura, pak dura,
Dalısınca xoş sədalı gərəkdi.

  Ustad aşığımız Dədə Ələsgərdən çox danışdı, sözləri üstə var-gəl elədi. Bizi də o tərəfə, bu tərəfə çox aparıb-gətirdi.
Aşıq Hüseyn Saraclının ifalarını inanın elə bil ki, canlı eşidirdim. "Ağır şərili", "Dol hicranı", "Ruhani" havalarını isə əsl Hüseyn Saraclı kimi canlandırırdı. Soruşanda ki, bu saz sizə nə vaxtdan yoldaşlıq eləyir? Bu saz atam Heydərdən qalıb, - dedi, atama da babamdan. Məndən də atasız böyüyən nəvələrimə qalar, deyib dərin köks ötürdü: "Yaşadallar nəslimizi, sazımızı".Dolu sinəsi sazla-sözlə enib-qalxan bu müdrik insandan, qocaman aşıqdan az müddətə öyrəndiklərimizə də qismət deyib ondan ayrıldıq.

  Çoxdandır eşitmədiyim, Azaflı dübeytisi, Kərəm gözəlləməsi, İrəvan çuxuru, Naxçıvani, Qaraçı və bir neçə qədim havalarımızı lentin yaddaşına köçürdüm. Aşıq Ələsgərin Naxçıvan səfərini də danışdı,tam təfərrüatıyla. Yazının sonunda sadaladığım havaları Azərbaycan dövlət radiosunun "Xalq yaradıcılığı" redaksiyasının efirindən yayımlanan "Yurd yeri", "İrəvan çuxuru" verilişlərində dinləyicilərimizə təqdim edəcəm. Sonda sənətkara cansağlığı, uzun ömür, nəvələrini ərsəyə çatdırmaq arzuladım. Tanrı belə sənətkarlarımıza qıymasın. Onlar canlı tarixdi, yaşarı ensiklopediyadı. Ustad aşıqların görüb-gördüklərini öyrənib gələcəyə ötürmək isə biz gənclərin boyun-borcudu. 

Şərh