Domen adı aldıq, ən yaxşı web hosting xidməti hansıdır?

Domen adı aldıq, ən yaxşı web hosting xidməti hansıdır?

Saytınız üçün ürəyinizcə olan domen adı seçdikdən sonra görüləcək iş – hosting problemini həll etməkdir. Başlanğıcda hostinq xidmətinin düzgün seçilməməsi gələcəkdə hosting daşınması problemini ortaya çıxaracaqdır. Bəs ən yaxşı hosting xidmətini necə seçək və hosting xidmətlərini qarşılaşdırarkən nələri incələməyimiz önəmlidir?
 
hosting1.com - Website Domain Names Registration, Online Marketing, Website Design

Hostinq1 – Domen Adları Qeydiyyatı, Web Hosting Xidmətləri, Sayt Qurulması və İnternet Marketing Həlləri

Hosting Nədir? Hostinqsiz Sayt Olmazmı?

İstər kiçik bir bloq-sayt, ya da sayt-vizitka, landing page olsun, istərsə də media portal – hər bir saytın hostingi olmalıdır. Hosting ingiliscədən dilimizə “qonaqlama” kimi çevrilərək hər hansı bir saytın bütün fayllarının yerləşdiyi kompyuterin sərt yaddaşında (HD) yer ayrılmasıdır. Hosting xidməti üçün özəl olaraq server kompyuterlərindən istifadə olunur ki, bunlar da öz növbəsində daha güclü prosessor (CPU), daha çox operativ yaddaş (RAM), ən önəmlisi isəkeyfiyyətli HD və fasiləsiz internet ilə təmin edilir. Hosting xidməti sifariş edildiyində data-serverin yaddaşından bir hissəsi ayrılaraq sizə icarəyə verilir. Adətən bu 1-10 GB arasında olur. Aydındır ki, sizin saytınız yüzlərlə, bəlkə də minlərlə saytla birlikdə 1 komputerdə yerləşdiriləcəkdir. Bundan əlavə hər bir hosting xidməti üçün yüklənmə ağırlığı (Traffic) də ayrılır ki, gələcəkdə sayta girənlərin sayı həddindən çox olarsa artıq hostingin ayrılmış hostingə (Dedicated Hosting) dəyişdirilməsini düşünməyə dəyər. Dedicated hostinglə serverdə sizin saytınızdan başqa heç bir sayt yerləşdirilmir və server tamamilə sizin ixtiyarınıza verilir. Aydın məsələdir ki, bu çox bahalı xidmətdir və yeni yaradılan saytlar üçün buna ehtiyac yoxdur.

Hostinq Seçimində Nələrə Diqqət Edilməlidir

Əgər 2004-2006-cı illərdə hosting provayderlərin sayı bir neçə idisə, bu gün internetdə hosting xidmətləri təklif edən minlərlə şirkətər var. Bu da qəribə deyil, çünki sayt yaradanların sayı da durmadan artmaqdadır. Hosting provayderin seçimində yanılmamaq çox önəmlidir, çünki saytın açılmadığı hər ana görə siz müəyyən ziyarətçiləri itirəcəksiniz. Hər bir serverdə kiçik qapanmalar olur, ancaq önəmli olan budur ki, bu qapanmalar və yenilənmələr periodik olmasın. Buna görə də hostingin seçilməsində aşağıdakı nyuanslara diqqət etməyiniz vacibdir.

Hosting xidməti alarkən ən önəmli məsələ ehtiyacların müəyyənləşdirilməsidir. 

Saytın işləmə sistemi – Almalı olduğunuz hosting sahəsi Windows, yoxsa Linux sistemində işləyəcəkdir?

Əgər PHP ilə yazılmış bir saytınız varsa Linux hosting paketi, əgər ASP ilə yazılmış bir saytınız varsa Windows hosting paketi almağınız ən yaxşı seçim olacaq. Əğər tamamilə HTML ilə hazırlanmış bir sayt quracaqsınızsa Windows və ya Linux hosting paketi almağın heç bir fərqi yoxdur.

Database – Demək olar ki, bütün hosting paketlərində database verilir. Ancaq yenə də database sayına qoyulmuş limitin gələcək ehtiyacınızı qarşılayacağından əmin olun.

Disk Sahəsi –  Disk sahəsi hostingin yaddaş tutumunu bildirir. Bu disk tutumu websaytın bütün faylları və emaillərinin ortaq olaraq işlətdiyi bir sahədir. Saytınızın böyüklüyünə görə bir disk sahəsi müəyyən etməlisiniz.

Traffic – Saytınızın səhifələrinin böyüklüyü, saytdakı multimedia fayllarının ağırlığıvə sayta gələn ziyarətçi sayına görə müəyyən edilir. Saytınıza gələn bir ziyarətçi saytda gəzişdiyi səhifələrin həcminə görə trafik limitinizdən işlətmiş olur.

Subdomen – Subdomenlər saytın bir parçası olmaqla birlikdə tam sərbəst bir sayt şəklində çalışa bilir. Ən geniş yayılmış formalarından saytın mobil versiyasının yeni bir subdomendə işlədilməsi (örnək, Facebookda), ya da brend saytın onlayn satış hissəsini yeni subdomendə çalışdırılaraq daha güvənli bir sistemin yaradılmasıdır. Öncədən subdomenlər yaradıb-yaratmayacağınıza qərar verərək paketdəki subdomen sayına qoyulmuş limitləri bilmək lazımdır.

Email Sayı – Saytınız üçün domenlə açabiləcəyiniz email ünvanı sayıdır. Əgər domeninizə uyğun email açmaq və işlətmək istəyirsinizsəehtiyacınız olacaq email sayına uyğun hosting paketi almalısınız.

Yuxarıda saydığımız özəlliklər bir hosting sahəsi üçün ilk başdan diqqət edilməsi gərəkən özəlliklərdir. Əgər saytınızı açmadan öncə bu özəllikləri dəqiqləşdirmisinizsə ortalama özəlliyi olan bir paket ala bilərsiniz. Əgər limitlər yetməzsə hosting firmanız üst paketin qiymət fərqini ödəməyiniz qarşılığında bir üst paketə keçməyinizdə yardımçı olacaqdır.

Hosting Şirkətinizi Yaxşı Seçin

İnternetdə hosting şirkətlərini qarşılıqlı şəkildə müqayisə olunan bir çox reyting cədvəlləri var.Hosting şirkətlərini müqayisə etməklə bərabər həm də onların profillərini incələməyiniz çox önəmlidir. Bir çox şirkətlər Onlayn Bilet (Ticket) açaraq email yazmaq imkanı verir ki, 24 saat ərzində verilən cavab problemin həll edilməsi üçün çox gecdir. Hələ düşünün ki, bir emaillə məsələ aydınlaşdırılmadı və bir neçə dəfə sual-cavab yazışmalarına gərək var. Buna görə də hosting xidmətində 7/24 Müştəri Dəstəyinin önəmi çox böyükdür. Axı hostingdə problemin günün hansı saatında olacağını bilmək mümkün deyil. Elə buna görə də illər öncə Azərbaycanın tanınmış İT şirkətlərindən biri olan Uninet-lə yaşadığım problemlər sonrası bir daha Azərbaycanın yerli şirkətlərində hosting almayacağıma söz vermişdim. Halbuki, mənim problemim ağlagəlməsi çətin olacaq qədər asan idi – illik ödənişlə bağlı heç bir bildiriş göndərilmirdi. Hosting xidməti üçün 1 illik ödənişin zamanı keçdiyinə görə hostingin işləməsində fasilə yaranmış, köçürməni edib nüsxəsini Uninetə göndərməyimə baxmayaraq problemi həll edə bilmirdilər. Təsəvvür edin ki, mən günorta 1-ə qədər İT-mütəxəssisin gəlməsini gözlədiyim halda saat 13.15-də etdiyim zəngdə əməkdaşın artıq nahar fasiləsində olduğunu bildirmişdilər.

Data-centerin yerləşmə zonasının da rolu vardır. Belə ki, hostingin ziyarətçilərin başlıca olaraq hansı regiondan gəlməsinə görə seçilməsi daha yaxşı olardı. Əgər hosting şirkəti həm də data-centerin sahibidirsə bu şirkətin böyüklüyündən xəbər verir. Bu halda belə şirkətlərin yaranmış problemləri həll etmək üçün daha böyük imkanları vardır.

Control Panel – Demo versiya ilə hosting xidmətinin necə işləməsinə qərar verməyin. Ancaq Control Panelə daxil olaraq idarəetmənin aydın və asan olmağına nəzər salın. Çünki bundan sonra siz məhz bu sistemin köməyilə bütün saytlarınızı yönəldəcəksiniz.

Büdcənizi Müəyyənləşdirin

Saytınızın nə qədər önəmli olmasına siz özünüz qərar verməlisiniz. Saytın önəmliliyi saytınıza yatıracağınız kapitalı da bəlli edər. Ancaq hosting seçimi qənaət etmək üçün uğursuz bir yerdir. Doğrudur, təəssüf ki, Azərbaycanda təklif olunan hostinglərin qiymətləri çox yüksək və şişirdilmişdir. Ancaq çox ucuz hosting xidmətləri təklif edən xarici şirkətlərlərlə də işləməyi məsləhət görməzdim. Onlar nəinki yaranmış problemləri həll etməkdə çətinlik çəkəcəklər, həm də aşağı keyfiyyətə görə axtarış sistemləri saytların yoxlanmasında problemləri göstərərək onların indeksləşməsini aşağı sala bilərlər. Buna görə də ehtiyyac və büdcəni müəyyənləşdirdikdən sonra orta paket hosting xidmətlərindən birini seçin.

Şərh