Azərbaycan aviasiya tarixi

Azərbaycan aviasiya tarixi

Dünyanın çox ölkələrində olduğu kimi Azərbaycanda da insanlar uçmağa, havaya qalxmağa, səmanı fəth etməyə cəhdlər etmişlər. Bu həm dövlət səviyyəsində, həm də fərdi şəkildə həyata keçirilirdi. 1910-cu il oktyabr ayının 8, 11 və 12 tarixlərində Artyom İosifoviç Kazarov tərəfindən Bakı şəhər rəisinin mühəndisliyinə ünvanladığı müraciətlərdə Bakıda ilk dəfə olaraq aviasiya həftəsinin keçirilməsi nəzərdə tutulduğu bildirilir və məşhur rus aviatoru Sergey Utoçkinin bir həftə ərzində təyyarə uçuşların keçirməsi üçün müvəqqəti aerodromun tikilməsinə icazə istənilir. A.İ.Kazarovun təqdim etdiyi layihə əsasında Balaxanı şosesində (indiki Fizuli küçəsi) həmin aerodrom tikilir.

Beləliklə, 1910-cu il 20-22 oktyabr tarixlərində Sergey Utoçkin Balaxanı şosesində tikilən aerodromda öz uçuşlarını həyata keçirir.

1910-cu ildə “Kaspi”, Bakı”, “Nicat” qəzetlərində dərc olunan materiallardan aydın olur ki, “aviasiya həftəsi bayramı”nda Sergey Utoçkindən başqa, digər məşhur rus aviatorları A.Qaber-Vlinski, A.Vasilyeviç Bakıda və Gəncədə öz uçuşlarını nümayiş etdirmişlər.

“Nicat” qəzetinin 18 dekabr 1910-cu il tarixli sayında çap olunan “Gəncədən Tiflisə balon ilə” adlı məqalədə A.A.Vasilyeviçin Gəncədən Tiflisə uçuşundan bəhs olunmuşdur.

Həmçinin bu dövrdə Azərbaycanda aviamodelçiliyə də maraq vardı. 1908-ci ildə Bakı sakini Leonid Petroviç Perezerev tərəfindən hava gəmisinin çertyoju hazırlanmış və o, həmin çertyojun reallaşması üçün Bakı şəhər rəisinə pul vəsaitinin ayrılması üçün yazılı müraciət etmişdir. Lakin onun çertyoju barədə verdiyi məlumat dolğun olmadığından ona pul vəsaiti ayrılmadı. Ancaq fotoqraf Patenin 1910-cu ildə çəkdiyi fotoşəkillərdə həmin dövrlərdə Bakı Texniki məktəbinin şagirdi İlya Zarekidze tərəfindən hazırlanmış aeroplan təsvir edilmişdir.

Zaman keçdikcə artıq azərbaycanlı aviatorlar yetişməyə başlayır. Azərbaycan aviasiyası tarixində ilk azərbaycanlı aviamühəndis Əli bəy Səməd bəy oğlu Verdiyev olmuşdur. O, Yelizavetpol (Gəncə) gimnaziyasının və Qori müəllimlər seminariyasının məzunu olmuşdur. Əli bəy Səməd bəy oğlu Verdiyev 1910-cu ildə Fransaya getmiş, burada təhsilini Politexnik İnstitutunda davam etdirmişdir. Sonralar o, aviasiya və avianəqliyyat sisteminin təmiri üzrə mühəndis-mexanik kimi ixtisaslaşmışdır. 1916-cı il 22 iyun tarixində Fransa Beynəlxalq Federasiyası tərəfindən Əli bəy Səməd bəy oğlu Verdiyevə pilot-aviator diplomu verilmişdir.

Artıq Birinci Dünya müharibəsi dövründə azərbaycanlı aviatorlar və mühəndislər müharibənin gedişində böyük rol oynamağa başladı. İlk azərbaycanlı təyyarəçi Fərrux ağa Məmmədkərim oğlu Qayıbovolmuşdur. 1910-cu ildə Tiflis kadet korpusunu əla qiymətlərlə bitirdikdən sonra Peterburqdakı Konstantinov Artilleriya məktəbinə daxil olmuş və 1913-cü ildə bu məktəbi bitirmişdir. O, məktəbdə iti zehni, gözlə dəqiq ölçmə qabiliyyəti, igidliyi ilə fərqlənmiş, xüsusilə topdan bacarıqla atəş açdığı üçün məktəb rəhbərliyi tərəfindən İsveçrənin “Pavel Bure” firmasında hazırlanmış qızıl saatla mükafatlandırılmışdır. Saatın arxasında “Yunker Fərrux ağa Qayıbov, 1913-cü il” sözləri yazılmışdır.

Yunker Fərrux ağa Qayıbov Konstantinov adına Artilleriya məktəbini əla qiymətlərlə bitirdikdən sonra 6 avqust 1913-cü ildə 39-cu artilleriya briqadasına podporuçik rütbəsi ilə daxil omuş və 6-cı batareyanın kiçik zabiti təyin edilmişdir. 3 fevral 1916-cı ildə hava gəmisi eskadrilyasına ezam edilmişdir. Birinci Dünya müharibəsi başladıqda Qərb cəbhəsindəki 11-ci aviasiya korpusuna göndərilmiş, 21 may 1916-cı ildə “İlya Muromets-16” hava gəmisinin heyətinə artilleriya zabiti kimi daxil olmuşdur.

On altıncı hava gəmisinin artilleriya zabiti poruçik Qayıbov Qərb Cəbhəsi Qərargahının tapşırığı ilə 1916-cı il sentyabrın 12-də Borunıya hücum etmiş, düşman əraziləri, strateji məntəqələr, aerodrom, 89-cu alman-ehtiyat diviziyasını bombardman etmişdir. Bombardman vaxtı Qayıbovun təyyarəsinə eyni vaxtda dörd alman qırıcısı hücuma keçmişdir. Bunların ikisi “Albatros”, ikisi isə “Fokker” tipli təyyarələr idi. Qeyri-bərabər döyüş vaxtı poruçik Qayıbov düşmənin üç qırıcı təyyarəsini yandırmış, özü isə aldığı ciddi zədədən təyyarə heyəti ilə bərabər yerə düşmüş və həlak olmuşdur.

Səhəri gün düşmən təyyarəsinin atdığı kağızlarda yazılır ki, qəhrəmancasına vuruşaraq həlak olmuş poruçik Qayıbovu alman əsgərləri Belorusiyanın Borunı adlanan ərazisindəki məzarlıqda şərəflə dəfn etmişlər.

Fərrux ağa Qayıbovun qısa, lakin şərəfli döyüş yolu “III dərəcəli Müqəddəs Stanislav” (1915-ci il), “IV dərəcəli Müqəddəs Anna” (1915-ci il), “II dərəcəli Müqəddəs Stanislav” (1916-cı il), ölümündən sonra isə 1917-ci ildə “II dərəcəli Müqəddəs Anna”, “III dərəcəli Müqəddəs Anna”, “IV dərəcəli Müqəddəs Georgi” ordenləri ilə mükafatlandırılmışdır.

Həmçinin bu dövrlərdə aviatorlar hazırlamaq üçün Azərbaycanda da aviasiya məktəbinin yaradılması ilə bağlı tədbirlər görülürdü. Azərbaycanda ilk aviasiya məktəbi 1915-ci il noyabrın 22-də Dəniz Aviasiyası Zabitlər məktəbinin Bakı bölməsi olaraq fəaliyyətə başladı. Məktəb 1917-ci ilin bolşevik çevrilişinə qədərki bütün fəaliyyəti nəticəsində 40 zabit və 17 kiçik rütbəli zabit, 20 dəniz təyyarəçisi hazırlamışdı.

Azərbaycan Demokratik Respublikası dövründə də bu məktəb fəaliyyətini davam etdirirdi. Bu məktəbin təyyarələrindən 1918-ci ildə bakıda mart qırğınları zamanı, şəhərin bolşevik-daşnak dəstələrindən azad edilməsi zamanı istifadə edilmişdir.

Azərbaycan xalqının və Türk dünyasının dahi oğlu Məhəmməd Əmin Rəsulzadə tərəfindən 1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra hərbi hava qüvvələrinin yaradılmasının vacibliyi nəzərə alınaraq, Hərbi Nazirlik tərəfindən lazımi addımlar atılmış və bu işə mavafiq kadrların hazırlanmasından başlanmışdır. 27 iyun 1919-cu ildə Azərbaycanla Gürcüstan arasında hərbi əməkdaşlıq müqaviləsi imzalandıqdan sonra hərbi nazir Səməd ağa Mehmandarovun 7 avvqust 1919-cu il 49 saylı əmri ilə Azərbaycandan 10 nəfər gənc Gürcüstana radioteleqraf və aviasiya işini öyrənmək üçün ezam olunmuşdur.

Yenicə yaradılmış Azərbaycan Demokratik Respublikasının Hərbi Hava Qüvvələrinin tərkibində 5 aeroplan və bir neçə hidrotəyyarə var idi.

1919-cu ildə Azərbaycan Demokratik Respublikasının ordusunda ilk hərbi aviadəstənin strukturunun yaradılmasından əvvəl onun rəhbərliyi müəyyənləşdirilmişdi.

Hərbi nazir S.Mehmandarovun 1919-cu il 19 avqust 370 saylı əmri ilə podporuçik Teymur Xan Əfşar aviasiya dəstəsinin rəis müavini təyin edilmişdir. Aviadəstə birbaşa Baş Ərkani-Hərbə (Baş Qərargah) tabe idi. 1919-cu il 14 sentyabr tarixində isə bu dəstənin ştatı təstiq olundu. Ştatda 5 zabit, 4 məmur, 54 nizami əsgər və 4 qeyri-nizami əsgər yeri nəzərdə tutulmuşdu. Hərbi nazirin müavini Ə.Şıxslinskinin imzası ilə 26 yanvar 1920-ci ildə aviadəstənin ştatının yaradılması haqqında əmr verilmişdir.

Hərbi aviasiyamızı gücləndirmək məqsədilə İtaliyada fəaliyyət göstərən Dövlət Kommunası tərəfindən hərbi təyyarələrin alınması haqqında danışıqlar aparılmışdır. A.Steklovun “Müsavat Azərbaycanının ordusu” adlı kitabında Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən 12 ədəd hidroplanın və 6 ədəd aeroplanın alınmasının qərarlaşdırılması haqqında məlumat verilir. 23 ay fəaliyyət göstərən, Şərqin ilk demokratik respublikası – Azərbaycan Xalq Cühuriyyəti bolşeviklərə qarşı qeyri-bərabər döyüş apararaq, süquta uğradı və 1920-ci il aprel ayının 28-də Sovet rusiyası tərəfindən yenidən işğal olundu. Aprel işğalı Azərbaycan Demokratik Respublikasının Hərbi Hava Qüvvələrinin möhkəmləndirilməsi sahəsindəki işləri yarımçıq qoydu.

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra aviasiyanın yaranması və inkişafında 1920-ci ildə Qızıl Ordunun tərkibində Azərbaycana gəlmiş 18-ci və 33-cü hərbi aviadəstələrin böyük rolu olmuşdur. Azərbaycanda ilk aviadəstə məhz həmin xüsusi təyinatlı hərbi aviasiya bölməsinin tərkib hissəsindən və Dəniz Zabitlər Aviasiya məktəbinin təyyarəçilərindən yaradılmışdır. 21 iyun 1921-ci ildə I Azərbaycan aviadəstəsinin komandiri vəzifəsinə A.R.Romanov təyin olundu. I Azərbaycan aviadəstəsinə məxsus “Farman”, “Nyupor” tipli təyyarələr Bakının “Qanlıtəpə” (Keşlə) və “Ermənikənd” adlanan ərazilərində saxlanılırdı və bu aviadəstə mülki hava uçuşlarını həyata keçirirdi. İlk dəfə olaraq Azərbaycanda həmin aviadəstənin komandiri A.Romanov tərəfindən 2 avqust 1921-ci ildə “Nyupor-21” tipli təyyarə ilə ilk poçt-sərnişin uçuşu həyata keçirildi.

1920-ci il iyunun 14-də Azərbaycan SSR-nin xalq hərbi-dəniz komissarı Ə.Qarayevin əmri ilə Azərbaycan SSR-nin Hava Donanması yaradıldı. Buraya aviasiyanın dəniz və quru qoşunları məktəbi, mühəndis məktəbi, dəniz aviasiyası dəstəsi, hava müşahidəsi və s. daxil idi. Əmrdə həmçinin göstərilirdi ki, respublikanın Hərbi Hava Donanmasının şəxsi heyəti 215 nəfər komandir və 250 nəfər təyyarəçi-texnikdən ibarət olmalıdır.

Beləliklə Hərbi Dəniz Aviasiya məktəbinin yaradılmasının əsası qoyuldu və Azərbaycan SSR Aviasiya məktəbinin Əsasnaməsi tərtib edildi.

9 fevral 1923-cü ildə V.İ.Leninin təklifi ilə Əmək və Müdafiə Şurasının qərarı əsasında Mülki Aviasiya Şurası yaradıldı. Bununla da Mülki Hava Donanmasının təşkil olunmasının əsası qoyuldu.

Mülki Hava Donanmasının təşkilindən ay yarım sonra, yəni 28 mart 1923-cü ildə Cənubi Qafqazda Zaqafqaziya Federasiyasının Xalq Komissarlığının sərəncamı ilə “Zakavia” Səhmdar Cəmiyyəti yaradıldı. “Zakavia” Səhmdar Cəmiyyəti Baş Hava Donanmasının icazəsi ilə 3 ədəd “Junkers” təyyarəsi almış və Tiflis, Batumi, Kutaisi, Bakı və Gəncədə aerodromlar tikdirmişdir.

1923-cü il 8 avqust tarixində Azərbaycan mülki aviasiya tarixində ilk dəfə olaraq, “Dobrolyot”a məxsus “Junkers F-13” təyyarəsi ilə Bakı-Tiflis-Bakı hava xətti üzrə sərnişin daşınması həyata keçirilmişdir. 1925-ci ilin əvvəllərində Tiflis-Bakı, Bakı-Pyatiqorsk hava xətti üzrə daimi uçuşlar yerinə yetirilməyə başlandı. Bu hava xətləri ilə yanaşı Azərbaycan “Dobrolyot”u Bakı-Göyçay-Gəncə-Ağdaş-Koryagin-Bakı marşrutu üzrə Azərbaycanın bölgələri ilə daimi əlaqəsini təşkil etdi.

1925-ci ildə “Zakavia” və “Ukrvozdukhput” Səhmdar Cəmiyyətlərinin (“Ukrovozduxput”) birləşməsindən sonra Bakı aviaqovşağı “Ukrvozdukhput”un tabeliyinə keçdi və bundan sonra 1926-cı ildə Bakı-Yevlax-Tiflis marşrutu üzrə daimi, 1928-ci ildə ilk dəfə olaraq Xarkov-Bakı-Tehran beynəlxalq hava xətti açıldı.

1920-ci ildən hərbi təyyarəçilər hazırlayan Hərbi Dəniz Aviasiya məktəbi 1930-cu ildə Bakı Soveti adına Mülki Aviasiya məktəbinə çevrildi. Məktəb xeyli sayda mütəxəssis hazırlığı ilə məşğul olurdu. 1932-ci ildə isə bu məktəbin bazası əsasında o dövrdə Azərbaycan Respublikasına Rəhbərlik edən M.Bağırovun adını daşıyan Bakı aeroklubu yaradıldı.

Bakı aeroklubunun gənc təyyarəçilərinin 1935-ci iyul ayında ilk buraxılışı oldu. Məzunlardan 90 nəfəri təyyarəçilik, 231 nəfəri isə paraşütçü peşəsinə yiyələnmişlər. 1936-cı ilin oktyabrında isə Bakı aeroklubu ikinci buraxılışında 75 nəfər təyyarəçi hazırlamışdı.

Bu dövrlərdə həmçinin Azərbaycanda təyyarəçi qadınlar da hazırlanmışdır. Leyla Ələsgər qızı Məmmədbəyova 1930-1931-ci illərdə Bakı aviasiya məktəbində təyyarəçi-təlimatçı ixtisasına yiyələnmiş və bu ixtisas üzrə Bakı aeroklubunda işə başlamışdır. 1932-ci ildə L.Məmmədbəyova Bakı aeroklubunun rəhbərliyi tərəfindən təhsilini davam etdirmək üçün xüsusi göstərişlə Moskvaya Mərkəzi Aviasiya məktəbinə ezam edilmişdir.

Sona Piri qızı Nuriyeva 1933-cü ildə Bakı aeroklubuna daxil olmuşdur. S.Nuriyeva təhsilini Bataysk şəhərindəki Qırmızı Bayraqlı 1 saylı Təyyarəçilik məktəbində başa vurmuşdur. Böyük Vətən müharibəsi illərində arxa cəbhədə çalışan S.Nuriyeva “Li-2” sərnişin təyyarəsi ilə Bakı-İran reysində uçuş həyata keçirirdi. Müharibədən sonra isə Sona Nuriyeva artıq “Aeroflot”un mahir təyyarəçilərindən biri kimi Çexoslovakiya, Yuqoslaviya, Macarıstan, Bolqarıstan, Polşa və Rumıniya səmalarında uçuşlarını davam etdirmişdir.

Züleyxa Həbib qızı Seyidməmmədova 1934-cü ildə M.Əzizbəyov adına Sənaye İnstitutuna daxil olmuşdur. Oxuduğu illərdə həmçinin Bakı aeroklubunda az müddətdə təyyarəçilik sənətini öyrənərək, bu klubda təlimatçı-təyyarəçi kimi işə başlamışdır. Z.Seyidməmmədova ilk paraşütçü qadınlardan sayılır və 1935-ci ildə paraşüt idmanının təlimatçısı kimi Moskva şəhərində keçirilən I Ümumittifaq tolantısında iştirak etmiş və I yeri tutmuşdur. 1941-ci ildə Jukovski adına Hərbi Hava Akademiyasının şturman fakültəsini bitirərək, kiçik leytenant rütbəsi almışdır.

Böyük Vətən müharibəsi illərində SSRİ Hərbi Haqa Qüvvələrinin ilk qadın şturmanı, aviasiya mayoru M.M.Raskova qadın təyyarəçilərdən ibarət 3 növ – bombardmançı, qırıcı və gecə uçuşlarını həyata keçirmək üçün “Po-2” adlı alaylar yaratmışdır. Bu alaya Azərbaycanın ilk hərbi təyyarəçi qadını Z.Seyidməmmədova şturman təyin edilmişdir. Əsasən qırıcı alayda xidmət edən Z.Seyidməmmədova “Po-2” təyyarəsi ilə gecə uçuşlarını həyata keçirmişdir.

Bu dövlərdə artıq Azərbaycanda aviasiya sürətlə inkişaf etməkdə idi və hava limanlarının tikintisinə başlanmışdı. 9 fevral 1933-cü il tarixində “Aeroflot”un 10 illik yubileyi günündə Bakı (Binə) Hava Limanı istifadəyə verilmişdir. Binə aeroportunun ilk rəisi İvan Nikolayeviç Banzo olmuşdur.

1933-cü ilin yayında Bakı Hava Limanında hava hərəkətinin idarə olunmasının, rabitə kanallarının təmin olunması üçün radioötürücü mərkəz istifadəyə verildi. 1933-cü il iyunun 25-də mülki aviasiyanın Bakı bölməsinə məxsus olan “K-5” təyyarəsi ilə ilk dəfə olaraq Bakı aviatorları Petrov və Nepenin Tiflis aviastansiyasının bortmexaniki ilə Qafqaz sıra dağlarının üzəriylə 4.500 metr hündürlükdə Moskvaya uçuş həyata keçirməklə məsafəni 1.100 metr qısaltmağa nail olmuşlar. 1936-cı ilin dekabr ayında Bakı-Moskva hava xəttində sürətli, iki mühərrikli “PS-40” poçt təyyarəsinin iki şəhər arasındakı məsafəni 1 gün ərzində başa çatdırmasını bu çətin dövrün uğurlarından biri kimi qeyd etmək olar.

Zaman keçdikcə aviasiyadan sərnişin və poçt daşınmasından başqa kənd təsərrüfatında ziyanvericilərə qarşı mübarizədə və tarlalara dərman səpilməsində, təsərrüfat məhsullarının bir rayondan başqa rayonlara daşınmasında geniş şəkildə istifadə olunurdu.

2 iyun 1938-ci il tarixində Azərbaycanda ilk aviasiya qrupu yaradıldı. Bu tarix 2006-cı ildə Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə Azərbaycan Mülki Aviasiya Günü kimi elan edilmişdir.

Azərbaycanın mülki aviasiyasının tarixində yeni keyfiyyətli dövr 1970-1980-ci illərə təsadüf edir. Bu dövr ərzində Gəncədə, Yevlaxda, Balakəndə, Naftalanda, Naxçıvanda, Zaqatalada, Lənkəranda, Ağdamda, Ağstafada və Şəkidə süni örtüklü qalxma-enmə zolaqları ilə təchiz olunmuş hava limanları tikildi. Onlar “Yakovlev Yak-40 Codling” reaktiv təyyarələrini qəbul etmək imkanına malik idilər.

Bir qədər sonra Azərbaycan Sovet İttifaqının ərazisində ilk “Tupolev Tu-134 Crusty” və “Tupolev Tu-154 Careless” reaktiv təyyarələrini, “Mil Mi-2 Hoplite” və “Mil Mi-8 Hip” helikopterləri alanlardan biri olmuşdur. Həmin illərdə təyyarə nəqliyyatın ən tanınmış – sürətli, komfortlu və əlverişli növünə çevrilir.

Lakin SSRİ dağıldıqdan sonra Azərbaycan aviasiyası ağır vəziyyətə düşdü. Kooperasiya əlaqələri pozulmuşdu, texniki təchizat kəsilmişdi, təyyarələr köhnəlmiş və sıradan çıxmışdı, aviasiyadan təcrübəli işçilər gedirdilər, yeni mütəxəssislərin hazırlanması üçün isə yer yox idi. Bu məqsədlə Mülki aviasiyaya 200 milyon dollardan yuxarı sərmayə qoyuldu. Bu, aviaparkı müasir “Boeing-757-200” təyyarələri ilə təkmilləşdirməyə, uçuşları idarəetmə vasitələrini yeniləməyə, iyirmiyədək ixtisas üzrə kadrların hazırlanması sistemini yaratmağa və bu gün altmışdan çox hava yolu şirkətinin təyyarələrini qəbul edən beynəlxalq hava limanının 1999-cu ildə Bakı şəhərində açılmasına imkan verdi.

Tikintisi 2005-ci ilin mart ayında başa çatdırılmış Bakı Yük Terminalı (BYT) Bakı şəhərini qərbdən şərqə və şimaldan cənuba hərəkət edən yüklər üçün yük boşaltma məntəqəsinə çevrilməyə imkan verdi. Elə həmin ildə Bakı Yük Terminalı (BYT) Yerüstü Xidmət üzrə İATA Beynəlxalq Hava Nəqliyyatı Asossasiyasının üzvü və Beynəlxalq Hava Limanları Şurasının Ümumdünya İşgüzar Tərəfdaşlar Proqramının iştirakçısı oldu.

Növbəti illərdə “Naxçıvan Beynəlxalq Hava Limanı”, “Gəncə Beynəlxalq Hava Limanı” və “Zabrat Hava Limanı”nın yeni binası istismara verildi. 2008-ci ildə “Lənkəran” və “Zaqatala” beynəlxalq hava limanları açıldı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə 16 aprel 2008-ci il tarixində “Azərbaycan Hava Yolları” Dövlət Konserninin adı dəyişdirilərək “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti kimi adlandırıldı. Bu gün Azərbaycanın mülki aviasiyası “Beynəlxalq Mülki Aviasiya Təşkilatı”nın (İCAO) standartlarına uyğundur, “Azərbaycan Hava Yolları” isə İCAO, İATA, ECAC, Dövlətlərarası Aviasiya Komitəsi kimi tanınmış mülki aviasiya birliklərinin üzvüdür. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin təyyarələri dünyanın onlarla şəhərlərinə müntəzəm uçuşlar yerinə yetirir, “SW Cargo Airlines” hava yolları isə bütün qitələrin üzərindən keçməklə yüzə qədər ölkəyə uzanmışdır. 2006-cı ildə təsis olunmuş “Silk Way Business Aviation” şirkəti isə ən müasir “Gulfstream G-200”, “Gulfstream G-450” və “Gulfstream G-550” iş jetləri ilə VİP sərnişinlərə xidmət göstərir.

Artıq “Azərbaycan Hava Yolları” QSC donanmasında ən müasir “Airbus A-319” (4 ədəd), “Airbus A-320” (7 ədəd), “Airbus A-340” (2 ədəd), “Boeing-757” (4 ədəd), “Boeing-767” (3 ədəd), “Boeing-787-8” (2 ədəd), “Embraer Regioanl Jet ERJ-170” (1 ədəd) və “Embraer Regioanl Jet ERJ-190” (4 ədəd) təyyarələri vardır.

Azərbaycanda aviasiya sahəsində ixtisaslı kadrların və yüksək dərəcəli mütəxəssislərin hazırlanmasında əsas rolu “Milli Aviasiya Akademiyası” oynayır. “Azərbaycan Hava Yolları” QSC-nin “Milli Aviasiya Akademiyası” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyun 1992-ci il tarixli, 337 saylı qərarı ilə “Milli Aviasiya Mərkəzi” adı ilə yaradılmışdır və Milli Qəhrəman Yavər Əliyevin adını daşıyır. Nazirlər Kabinetinin 24 fevral 1994-cü il tarixli, 81 saylı qərarı ilə ad “Milli Aviasiya Akademiyası” olaraq dəyişdirilmişdir. MAA 1999-cu ildə “Dövlətlərarası Aviasiya Komitəsi”nin qərarı ilə “Mülki Aviasiya Ali Təhsil Müəssisəsi” sertifikatına layiq görülmüşdür.

Hal-hazırda “Milli Aviasiya Akademiyası”nda hava gəmilərinin texniki istismarı, onların idarə olunması, uçuşların təhlükəsizliyi ilə bağlı bir çox ixtisaslarda gələcəyin aviasiya mütəxəssisləri yetişdirilir və bu işdə Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevin rolu olduqca böyükdür. Akademik A.M.Paşayevin səyləri nəticəsində “Milli Aviasiya Akademiyası” mütəxəssislərin hazırlanması sahəsində dünyanın müxtəlif ölkələrinin ən qabaqcıl ali təhsil müəssisələləri ilə əməkdaşlıq edir.

 

İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT

  1. Turan Məmmədli. “Mülki Aviasiya Təyyarələrinin Xarakteristikaları”, Bakı-2014, 484 səhifə. Bakı Kitab Klubu. İSBN-978-9952-803-20-4.
  2. Milli Aviasiya Akademiyası, “Azərbaycan mülki aviasiya tarixi (1910-1980)”, Bakı-2012.

Şərh