Allah ədalətlidir!....və ya Qarabaqda, Fələstində baş verənlər

Allah ədalətlidir!....və ya Qarabaqda, Fələstində baş verənlər

 

http://www.azxeber.com/news/68722#.U9d-t9qw6CM.facebook

 

Nicat Əlibəyli


Hər bir kəsin inandığı, güvəndiyi, sitayiş etdiyi inancı var. Kimi Allaha dua edər, kimi Allahın ən mömin bəndələrinin məzarlarını ziyarət edər, kimi daşa-divara qənd yapışdırıb arzu tutar, kimi isə Beşbarmaq dağına gedərək nəzir verər və s. Mən də o insanlardanam ki, Allaha inanıram. Amma...

Yadıma quruluşçu rejissor Ədalət Ziyadxanovun tələbələrindən birinin sözü düşür. O, deyir ki, bir dəfə müəllimə sual verdik ki, müəllim, Allah varmı? Varsa, haradadır?

Əgər düzgün yadımda qalıbsa, müəllim təxmini belə bir cavab verib: “Allah bir inancdır. İnanırsansa var, inanmırsansa yoxdur”. Yəni doğrudan da indiki dövrdə bizə tanrının var olmasının başlıca sübutu müqəddəs Quran kitabıdır. O kitabda yazılan möcüzələri (Yunus peyğəmbərin Delfinin qarnından sağ çıxması, Musa peyğəmbərin sehirli çomağı, Nuhun gəmisi, Süleyman peyğəmbərin heyvanların dilini bilməsi və s...) bizim dövrümüzdə görən olmayıb. Bəlkə də elə buna görədir ki, bir çoxumuz o hadisələrə inanmaqda çətinlik çəkir və möcüzə adlandırırıq. Amma normal düşüncəsi olan insan ən azından “yerin , göyün, təbiətin, planetlərin boşluqda dayanmasının bir izahı vardır” - deyə düşünür. “Səni, məni dünyaya gətirən bir varlıq vardır hər halda”- deyir.

Bizim inandığımız, ədalətli və hər bir şeydən xəbəri olan, insanların alın yazısını yazan, gözlə görə bilmədiyimiz, lakin Qurani -Kərimdə yazılanlarla bizə öz varlığını isbat edən bir varlıq - Allah! Dini kitablarda , hədislərdə Allahın adı hər zaman mərhəmətli və ədalətli olaraq qeyd olunur. Biz hər nə etmişiksə, ediriksə və edəcəyiksə, Allahın bunlardan xəbəri var deyilir. O zaman belə bir sual ortaya çıxır. Mərhəmət sahibi olan bir varlıq axı niyə bu haqsızlıqlara göz yumur? Qarabağ faciəsi, son zamanlar Fələstində baş verənlər... Günahsız, kimsəsiz uşaqların ölümü, İŞİD adlandırılıb terroçuluğla məşğul olan bi təşkilatın “Allahu- Əkbər” deyərək insanların başlarını amansızcasına kəsməsi.. Budurmu mərhəmət, bumu ədalət?!

Lakin elə bu yerdə belə bir hədis yadıma düşür. Bir gün bir atlı yolla gedərkən bir bulağa rast gəlir. Atdan düşür və bulaqdan su içməyə başlayır. Bu anda yoldan keçən biri atın yəhərindəki qızıl dolu kisəni götürərək oradan uzaqlaşır. Sudan doyunca içən adam geri gəlib yəhərdəki kisəni görməyincə, başlayır yaxınlıqdakı günahsız birini döyməyə ki, qızılı sən götürmüsən. O da and aman edir ki, vallah xəbərim yoxdur. Atlı əsəbləşərək, vurub onun gözünü çıxarır və atına minib yoluna davam edir. Hədisdə belə yazılır ki, sən demə bütün bu olanları peyğəmbər görür və əlini göyə uzadaraq, Allahdan belə bir haqsızlığa niyə yol verdiyini soruşur. Cavabında tanrıdan belə bir buyruq gəlir. Əvvəla atlı onun qızılını götürənin atasına bir kisə qızıl borclu imiş, lakin qaytarmırmış. Gözü çıxarılan adam isə vaxtı ilə atlının atasının gözünü çıxarıbmış. Odur ki, mən haqq-ədalət olsun deyə qızılın yiyəsinə qayıtmasına, atasının qanı yerdə qalmasın deyə o insanın gözünün çıxarılmasına buyruq vermişəm.

İndi mən Qarabağda, Fələstində və ümumiyyətlə bütün dünyada baş verən haqsızlıqları gördükdən sonra belə, bu hədisi xatırlayıram və artıq Allaha üsyan etmirəm. Əslində suallar çoxdur və hər biri müzakirə və mübahisə tələb edir. Sadəcə etraf edim ki, dəryada buğulmamaq üçün bir o qədər də dərinə getməyi düşünmürəm.

Ədalətli , böyük olan Allah bilir kimə necə cəza verilməlidir. Digər tərəfdən də düşünürəm ki, əgər bələkdəki bir uşaq terrorçuların bombası ilə öləcəkdisə, heç doğulmasaydı daha yaxşı olmazdımı? Əstağfürullah... Günaha batdım... Tanrının işinə qarışmaq olmaz! Allah təkdir və o bilir kim nə zaman və necə ölməlidir!...

P.s. Ramazan bayramınız mübrək!

 

Şərh